Ramiz Mehdiyev məhkəmə qarşısında
Keçmiş PA rəhbəri və Eldar Əmirovun cinayət işi üzrə məhkəmə istintaqına başlanılır
Akademik Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə istintaqına bu gün başlanılır.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Kollegiyada hakimlər Firdovsi Əliyev və Namiq Kərimov da təmsil olunur.
İclas zamanı dövlət ittihamçısının ittiham aktını elan edəcəyi, daha sonra təqsirləndirilən şəxslərin ifadələrinin dinlənilməsinə başlanacağı gözlənilir.
Xatırladaq ki, iş üzrə hazırlıq iclası sentyabrın 21-də keçirilib.
Cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə ittiham olunur.
Bundan başqa, həmin cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onun və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
