Direktor işdən çıxarılmasına etiraz etdi
Ruhiyyə Rəfiyeva qərarın qanunsuz olduğunu iddia edir
Şəmkir rayonunda məktəb direktoru işdən çıxarılmasına etiraz edib.
H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva bu barədə şikayətlə müraciət edib.
O bildirib ki, məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən iclas keçirilib. Direktorun sözlərinə görə, avqustun 28-də Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə təhsilin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinq aparılıb.
R.Rəfiyeva qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə son illər yüksək nəticələr əldə olunub. Onun sözlərinə görə, məktəb 5 ildir RFO üzrə qızıl və gümüş medalçılar yetişdirir, 81 məzundan 49-u ali məktəbə qəbul olunub.
Direktor monitorinqin şəffaf keçirilmədiyini iddia edib. O, yoxlamadan sonra keçirilən iclas zamanı protokolla bağlı fikir ayrılığı yarandığını və nəticədə barəsində akt tərtib edildiyini bildirib.
R.Rəfiyevanın sözlərinə görə, heç bir intizam tənbehi olmadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. O, həmçinin əmək məzuniyyətinin pozulduğunu iddia edib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu göndərilib.
Qurumdan bildirilib ki, məktəbdə aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.
Qeyd olunub ki, R.Rəfiyeva əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, normativ hüquqi aktların, həmçinin Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub.
İdarənin məlumatına görə, bunun nəticəsində məktəbdə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ilə bağlı ciddi pozuntular aşkarlanıb.
Bildirilib ki, aşkar edilmiş qanun pozuntuları və nöqsanlar əsas götürülərək məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirlərinin davam etdiriləcəyi və hüquqpozmalara yol verən şəxslər barəsində intizam tədbirlərinin görüləcəyi qeyd olunub.