Pakistan hadisəsi ilə bağlı açıqlama: İki nəfər həbs edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı açıqlama yayıb.
Komitənin məlumatında qadınlara qarşı zorakılığın bütün formalarının qətiyyətlə pisləndiyi qeyd olunub.
Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlanılıb.
“Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır”, - açıqlamada vurğulanıb.
Komitə qeyd edib ki, hazırda əsas prioritet zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin təmin olunması, ona lazımi dəstəyin göstərilməsidir.
Həmçinin hadisədə insan alveri və istismar ehtimalının olub-olmamasının araşdırıldığı və nəticələrə uyğun hüquqi qiymət veriləcəyi bildirilib.
AQUPDK media və sosial şəbəkə istifadəçilərini həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırıb.
