Bakıda iki telefon oğurlayan şəxsə hökm oxundu
Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində hökm çıxarılıb.
“Qaynarinfo”nun məlumatına görə, Mingəçevir şəhərində anadan olan və əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə təqsirli bilinib.
İttihama əsasən, H.V. 2026-cı ilin yanvarında “Dəniz Mall”ın mənfi ikinci mərtəbəsində yerləşən namaz otağında bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxmasından istifadə edərək onun gödəkçəsinin altından “iPhone 15 Pro Max” markalı mobil telefonu götürüb. Dəyəri 1700 manat olan telefonu “28 May” metro stansiyası yaxınlığındakı mağazalardan birində 440 manata satıb.
Bir neçə gün sonra isə Bibiheybət məscidində dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək cibindəki “iPhone 17 Pro” markalı telefonu oğurlayıb. Dəyəri 3000 manat olan telefonu da eyni mağazaya 600 manata satıb.
Mağaza əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü “Hacı” kimi təqdim edib və telefonları özünə məxsus olduğunu deyərək satıb. O, cihazların oğurluq olduğunu bilmədiyini qeyd edib.
H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək hər iki oğurluğu törətdiyini etiraf edib.
Məhkəmə müəyyən edib ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və həmin il cəzasını başa vuraraq azadlığa çıxıb.
Əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alan məhkəmə yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.
Sonda H.V.-yə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.
