Makiyajla məktəbə gedən şagirdlə bağlı yeni detallar açıqlanıb
Sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntülərdən sonra yaranan müzakirələrə aydınlıq gətirilib.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, yeniyetmə sığınacağa yerləşdirilməyib. Onun sözlərinə görə, qız reabilitasiya proqramı çərçivəsində qısa müddət ərzində sığınacaqda olub və daha sonra ailəsinin yanına qayıdıb.
217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov isə bildirib ki, şagird məktəbdən xaric edilməyib.
Direktorun sözlərinə görə, hadisə məktəbdən kənarda baş verib, şagirdin makiyajla məktəbə gəlməsi ilə bağlı isə daxili qaydalara əsasən xəbərdarlıq olunub.
O qeyd edib ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur və bu məsələ ilə bağlı heç bir müraciət edilməyib.
Ə.Əkbərov bildirib ki, valideynin müraciəti əsasında yeniyetmə bir müddət sığınacaqda qalıb. Hazırda isə onun başqa məktəbdə dinləyici qismində dərslərə qatılması nəzərdə tutulur.
Direktor əlavə edib ki, şagirdin davranışı ilə bağlı əvvəllər hər hansı problem qeydə alınmayıb və istədiyi halda onun yenidən 217 nömrəli məktəbdə təhsilini davam etdirməsi mümkündür.
