Xocalı şahidi 34 ildən sonra doğma yurduna qayıtdı
Xocalı soyqırımı zamanı 9 yaşında olan və faciənin şahidi kimi yadda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna qayıdıb.
Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Ləfxanım Mahmudova ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.
O, 9 yaşında ailəsi ilə birlikdə Xocalını tərk edib. İllər sonra isə doğma torpağına bu dəfə ailəsi, övladları və nəvəsi ilə qayıdıb.
“Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun”, – deyə L.Mahmudova bildirib.
Qeyd edək ki, Ləfxanım Mahmudova Xocalı faciəsi zamanı ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb. O, həmin dövrdə ağır işgəncələrə məruz qalıb və yaxınlarının itkisi ilə üzləşib.
Soyuqdan ayaqları donan 9 yaşlı Ləfxanım Ağdam xəstəxanasında müalicə olunarkən həkim Nərgiz tərəfindən müalicə edilib və ona “Nərgiz” adı verilib.
