Sea Breeze-də Formula 1 planı
Formula 1 Azərbaycan Qran-Prisinin gələcəkdə “Sea Breeze”də keçirilməsi ehtimalı müzakirə olunur.
“Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
O bildirib ki, “Sea Breeze”də Formula 1 trasının inşası ilə bağlı uzun müddətdir müxtəlif müzakirələr aparılır. E.Ağalarovun sözlərinə görə, layihə ilə bağlı Formula 1 traslarının layihələndirilməsində iştirak edən “Tilke” şirkəti ilə əlaqə saxlanılır.
İş adamı qeyd edib ki, 2030-2031-ci illərə qədər tras və onun ətrafındakı infrastrukturun inşası başa çatdırılarsa, Formula 1 yarışlarının “Sea Breeze”ə köçürülməsi nəzəri olaraq mümkün ola bilər.
E.Ağalarov hazırda bu istiqamətdə konkret razılaşmanın olmadığını da bildirib.
Onun sözlərinə görə, “Sea Breeze”də Formula 1 yarışlarının keçirilməsi arzu edilən layihələrdən biridir.
Paylaşımda həmçinin Formula 1 yarışlarının “Sea Breeze”də mümkün görünüşünü əks etdirən görüntülər təqdim olunub.
