Erməni xüsusi xidmət rəhbəri Bakını tərk etdi
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etdikdən sonra İrəvana qayıdıb.
“NEWS.am” xəbər verir ki, Qriqoryanın olduğu təyyarə sentyabrın 22-də saat 21:40-da İrəvana enməli olsa da, uçuş təxminən iki saat gecikib. Təyyarə yerli vaxtla saat 23:40-da eniş edib. Gecikmənin səbəbi barədə məlumat verilməyib.
Hava limanında erməni jurnalistlər Qriqoryana Bakıda saxlanılan separatçıların geri qaytarılması ilə bağlı məsələnin müzakirə edilib-edilmədiyini soruşublar.
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri suallara cavab verməyib.
Xatırladaq ki, IV Bakı Təhlükəsizlik Forumu sentyabrın 22-də DTX-nin təşkilatçılığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəkvəzifəli nümayəndələri iştirak edir.
