Sərnişinlər sentyabrın 23-dən bu imkandan yararlanacaq
Sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti müddətə ödənişsiz olacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, qərar xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədi daşıyır.
Beləliklə, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətindən, eləcə də Abşeron və Qaradağın bəzi ərazilərindən gələn sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadə edə biləcəklər.
Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq bir sıra stansiyalara, o cümlədən “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami”yə qədər ödənişsiz hərəkət edə biləcəklər.
Eyni zamanda, bəzi avtobus marşrutlarının birbaşa bu iki metro stansiyasına yönləndirilməsi planlaşdırılır.
Tədbirlərin sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına, həmçinin alternativ marşrutların genişləndirilməsinə imkan yaradacağı qeyd olunub.
