2019-cu ildə itkin düşən şəxslə bağlı cinayət açıldı
2019-cu ildə Cəlilabad rayonunda itkin düşən Nadir Məmmədovun qətlə yetirilməsi ilə bağlı araşdırma nəticə verib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, Nadir Məmmədovun 2019-cu ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb və toplanmış materiallar əsasında 8 avqust 2019-cu ildə rayon prokurorluğunda cinayət işi başlanıb.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Nadir Məmmədovun olduğu yer müəyyən edilməyib. Cinayət işi üzrə icraat 18 oktyabr 2022-ci ildə dayandırılıb.
Daha sonra prokurorluq və polis əməkdaşlarının davam etdirdiyi kompleks tədbirlər nəticəsində onun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu müəyyənləşdirilib.
İstintaq zamanı 1959-cu il təvəllüdlü Ramiz Ələkbərovun Nadir Məmmədovu qisas məqsədilə öldürməsinə əsaslı şübhələr yaranıb.
İstintaqın ilkin məlumatına görə, Ələkbərov 23 aprel 2019-cu ildə Nadir Məmmədovu Göytəpə şəhərində idarə etdiyi avtomobilə mindirib və Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən evinə aparıb.
Həmin gün saat 22 radələrində Nadir Məmmədovu boğaraq öldürdüyü və meyiti cinayəti gizlətmək məqsədilə həyətindəki istifadəsiz su quyusuna atdığı müəyyən edilib.
20 sentyabr 2026-cı ildə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) tövsif olunub. Ramiz Ələkbərov şübhəli şəxs qismində tutulub və dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.
Hadisə yerinə baxış zamanı Ələkbərovun göstərdiyi istifadəsiz su quyusunda qazıntı aparılıb. Qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
