Minimum əməkhaqqının artırılması müzakirə olunur
2027-ci ildə pensiyaların indeksləşdirilməsi, eləcə də minimum əməkhaqqının artırılması gündəmdədir.
Proqnozlara əsasən, gələn il sosial istiqamətə 17 milyard manatdan çox vəsait ayrılması, dövlət büdcəsinin xərclərinin isə 42,4 milyard manat təşkil etməsi gözlənilir.
İqtisadçı Ruslan Atakişili bildirib ki, 2027-ci ilin dövlət büdcəsi ilə bağlı yeni zərf hazırda hazırlanır və sosial təminat məsələləri büdcənin əsas istiqamətlərindən biri olacaq.
Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi zamanı inflyasiya və qiymət artımı nəzərə alınır. Minimum əməkhaqqının məbləğinin müəyyənləşdirilməsində isə bazardakı qiymətlər, istehlak səbətinin dəyəri və əhalinin ehtiyacları əsas götürülməlidir.
İqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır. Onun artırılması aşağı gəlirli vətəndaşların gəlirlərinə müsbət təsir göstərə bilər, lakin bu, sahibkarların əməkhaqqı xərclərinin də artmasına səbəb ola bilər.
R.Atakişili əlavə edib ki, ölkədə orta əməkhaqqı artıq 1000 manatı keçib. Onun fikrincə, minimum əməkhaqqının orta əməkhaqqına müəyyən faiz nisbətində müəyyənləşdirilməsi də nəzərdən keçirilə bilər. Bu istiqamətdə yekun qərarın hesablamalar aparıldıqdan sonra verilməsinin vacib olduğu vurğulanıb.
