Formula 1 həftəsində hava limanına gedənlərə VACİB TÖVSİYƏ
Heydər Əliyev Aeroportu sərnişinlərə uçuşlarını əvvəlcədən planlaşdırmağı tövsiyə edib
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar sentyabrın 19-dan 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Aeroportdan bildirilib ki, yarış günlərində sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir. Bu səbəbdən artan sərnişin axınının çevik idarə olunması və xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görüləcək.
Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı sentyabrın 24-26-da baş tutacaq. Həmin günlərdə Bakı ərazisində nəqliyyatın hərəkətində sıxlıq və müəyyən məhdudiyyətlərin yaranması ehtimalı nəzərə alınaraq, sərnişinlərə hava limanına gedişlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.
Sərnişinlərə qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarına əlavə vaxt ayırmaları, mümkün olduğu halda onlayn qeydiyyat və özünəxidmət imkanlarından istifadə etmələri məsləhət görülüb.
Bundan başqa, sərnişinlər uçuş statusunu və terminal məlumatlarını əvvəlcədən aviaşirkətin rəsmi resurslarından yoxlamalıdırlar.
Hava limanına səfər zamanı şəxsi avtomobildən istifadə etmək istəməyən sərnişinlər “28 May” metro stansiyası ilə aeroport arasında fəaliyyət göstərən Aeroexpress xidmətindən yararlana bilərlər.
Aeroport ərazisində avtomobillərin yalnız müəyyən edilmiş parklanma yerlərində saxlanılması, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi zonalardan istifadə edilməsi tələb olunur. Parkinqin ilk 15 dəqiqəsi ödənişsizdir.
Xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaları tövsiyə olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərilməsi üçün fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirəcək.