Ombudsman bəzi erməni əsilli məhbusların hüquqları ilə bağlı açıqlama verib
Məhkumların saxlanma şəraiti və hüquqlarının təmin olunması monitorinq edilib
Ombudsman Aparatı bəzi erməni əsilli şəxslərin cəzaçəkmə müəssisələrində hüquqlarının pozulması ilə bağlı internet resurslarında yayılan məlumatlara aydınlıq gətirib.
Aparatın yaydığı məlumatda bildirilib ki, Milli Preventiv Mexanizm çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla müxtəlif mərhələlərdə görüşlər keçirilib və onların hüquqlarının təmin olunması vəziyyəti mütəmadi izlənilib.
Qeyd olunub ki, əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən başçəkmələr zamanı məhkumlara hüquqları öz ana dillərində izah edilib, tibbi vəziyyətləri yoxlanılıb və müraciətləri əsasında müxtəlif dillərdə kitablar və qanunvericilik aktları təqdim olunub.
Məlumata əsasən, məhkumların “916” Çağrı Mərkəzinə müraciət etmək imkanları mövcuddur. Onların tibbi müayinə, əlavə telefon danışıqları, notariat xidmətləri və digər müraciətlərinin qanunvericiliyə uyğun təmin edildiyi bildirilib.
Açıqlamada həmçinin məhkumların saxlanma şəraitinin müasir standartlara cavab verdiyi, ayrı-seçkiliyə yol verilmədiyi və onların bir sıra sosial və məişət hüquqlarının təmin olunduğu qeyd edilib.
Ombudsman Aparatı bildirib ki, keçirilmiş monitorinq və başçəkmələrin nəticələrinə əsasən, ağır cinayətlərə görə məhkum edilmiş həmin şəxslərin hüquqları təmin olunur.
