Bakıda qadının marketdə döyüldüyü iddia edilir – görüntülər yayıldı
Bakıda qadının həyat yoldaşı tərəfindən marketdə döyüldüyü iddia edilir.
Məsələ ilə bağlı görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yayıb.
Onun sözlərinə görə, üç uşaq anası olan qadın uzun müddətdir həyat yoldaşının zorakılığı ilə üzləşir. Bildirilir ki, sonuncu hadisə marketdə, ətrafdakı insanların və qadının ən kiçik övladının gözü qarşısında baş verib.
Paylaşımda uşağın autizm spektrində olduğu qeyd edilib.
Mehriban Zeynalova qadının həyatının təhlükədə olduğunu bildirib. O, həmçinin zorakılıqda ittiham olunan şəxsin hazırda sərbəst olması ilə bağlı narahatlığını ifadə edərək, qadının və övladlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunan hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi hələlik məlum deyil.
