ADMİU sosial şəbəkədə yayılan görüntülərlə bağlı qərarını açıqladı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) sosial şəbəkələrdə birinci kurs tələbələri ilə bağlı yayılan görüntülərlə əlaqədar açıqlama yayıb.
Universitetin məlumatında bildirilib ki, “TikTok” platformasında yayılan video rəhbərlik tərəfindən araşdırılıb.
Məlumata görə, görüntülərdəki şəxslər bacı və qardaşdır. Videoda görünən qadının ADMİU ilə heç bir əmək və təhsil əlaqəsinin olmadığı, onun qardaşı Kənan Zindadilin isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasında II tədris ilində təhsil aldığı müəyyənləşdirilib.
Hadisə ilə bağlı ADMİU-nun İntizam komissiyasının təcili iclası keçirilib.
Araşdırmanın nəticəsinə əsasən, Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub. Universitet bildirib ki, qərar fərdi müqavilənin müvafiq müddəası və təhsilalanların universitetdaxili nizam-intizam qaydalarının 5.4-cü bəndinin (a) yarımbəndi əsas götürülməklə verilib.
Qərar rektorun müvafiq əmri ilə rəsmiləşdirilib və artıq qüvvəyə minib.
ADMİU açıqlamasında tələbələrin hüquq və mənafelərinin qorunmasının diqqətdə saxlanıldığını, onların təhlükəsiz və rahat təhsil mühitində təhsil alması üçün tədbirlərin davam etdirildiyini vurğulayıb.
Xatırladaq ki, “leylakenan” adlı “TikTok” hesabında yayımlanan canlı yayım zamanı universitetin birinci kurs tələbələri haqqında aşağılayıcı ifadələr işlədilib. Yayımda tələbələrə qarşı hədələr səsləndirilib və fiziki xəsarət yetiriləcəyi bildirilib.
