Nazir valideynlərə çağırış etdi: “Ən yaxşı məktəb evə ən yaxın məktəbdir”
Elm və təhsil naziri Emin Əmrullayev valideynlərə övladlarının məktəb seçimi ilə bağlı çağırış edib.
Nazir bu barədə yeni tədris ili ilə əlaqədar keçirdiyi mətbuat konfransında danışıb.
E.Əmrullayevin sözlərinə görə, uşaqların tıxac səbəbindən dərsə gecikməməsi və davamiyyət problemi yaşamaması üçün onların evə yaxın məktəblərdə təhsil alması daha məqsədəuyğundur.
“Ən yaxşı məktəb evə ən yaxın məktəbdir. Biz ən yaxın məktəbi ən yaxşı məktəbə çevirməliyik. Biz həmişə bununla bağlı çağırış edirik. Uşaqlarını evdən aralı məktəblərə aparırlarsa, yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə etsinlər”, - deyə nazir bildirib.
Nazir məktəblərdə dərslərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib.
O qeyd edib ki, bu məsələnin dəyişdirilməsi mürəkkəb prosesdir. Buna səbəb valideynlərin iş qrafikinin də nəzərə alınmasının zəruri olmasıdır.
“Valideynlər uşaqlarını məktəbə qoyub işə gedirlər. Amma ali təhsil müəssisələrində bu tətbiq olunur. Hazırda məktəblərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı əlimizdə belə bir qərar yoxdur ki, bunu elan edək”, - E.Əmrullayev vurğulayıb.
