Bakı metrosunda yeni interval rejimi tətbiq olunacaq
Yeni tədris ili ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət intervalına yenidən baxılıb.
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata əsasən, aparılan texniki optimallaşdırma tədbirləri və sınaqlar nəticəsində bəzi sahələrdə qatarlararası intervallar azaldılacaq.
Belə ki, sentyabrın 15-dən Qırmızı xəttin “İçərişəhər–Əhmədli” sahəsində pik saatlarda 2 dəqiqəlik interval tətbiq olunacaq.
Yaşıl xəttdə sərnişin sıxlığından asılı olaraq interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endirilə bilər.
Bənövşəyi xətt üzrə payız-qış qrafikinə uyğun olaraq “Avtovağzal–8 Noyabr” sahəsində qatarlar 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqə intervalla hərəkət edəcək.
QSC-dən əlavə olaraq bildirilib ki, yeni tədris ilində sərnişin axını mütəmadi izləniləcək. Zərurət yaranacağı təqdirdə xətlər üzrə əlavə tənzimləmələr həyata keçiriləcək.
