“Bakı Metropoliteni”ndə texniki problem: Qatar xətdən çıxarıldı

Bakı metrosunda qatarların hərəkətində qısa müddətli problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin məlumatına əsasən, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarlardan birində texniki nasazlıq qeydə alınıb.
Nasazlığın aradan qaldırılması üçün köməkçi qatar cəlb olunub və problemli qatar xətdən çıxarılıb. Bundan sonra Qırmızı xətt üzrə hərəkət intervalı qısa müddətdə bərpa edilib.
Metropolitenin digər xətlərində – Yaşıl və Bənövşəyi xətlərdə isə qatarların hərəkətinin qrafikə uyğun davam etdiyi bildirilib.
Qurum sərnişinlərdən yaranmış narahatlığa görə üzr istəyib.
Hadisə ilə bağlı yayılan məlumatlarda “Xalqlar Dostluğu” stansiyasında sərnişin sıxlığının yarandığı da qeyd olunub. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hər hansı təhlükəli vəziyyətin olmadığını bildirib.
