Payızın gəlişi ilə Bakıda təmizlik və yaşıllaşdırma tədbirləri gücləndirilib
Bakının sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılması və şəhərin daha da abadlaşdırılması məqsədilə paytaxtda növbəti genişmiqyaslı tədbir keçirilib.
Sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən işlər zamanı şəhərin əsas küçə və prospektləri, məhəllədaxili və ara yollar xüsusi texnika ilə yuyulub.
Təmizlik zamanı səkilər, bordürlər, işıq dirəkləri və məhəccərlər, həmçinin park və istirahət ərazilərindəki oturacaqlar təmizlənib. Yaşayış məhəllələri və həyətlərdə səliqə-sahman işləri aparılıb.
Bundan əlavə, ticarət, ictimai iaşə və digər obyektlərin vitrinləri yuyulub, onların ətrafında abadlıq işləri görülüb.
Mövsümi tədbirlər çərçivəsində şəhərin yaşıllıq ərazilərində də müvafiq işlər aparılıb. Ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar budanıb, xəstə və qurumuş ağaclar ərazidən götürülüb.
Eyni zamanda, Bakı iqliminə uyğun yeni ağacların əkilməsi və park, bağ və digər yaşıllıq sahələrində müxtəlif növ güllərin əkilməsi davam etdirilib.
Paytaxtın bütün rayonlarında sanitar-təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.



