İlon Mask: Elm insanın qocalmasını dayandıra bilər

Amerikalı sahibkar İlon Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, qocalmanın fundamental səbəbləri müəyyən edildikdən sonra elm bu prosesi nəzarət altına ala, hətta onu dayandıra bilər. Onun sözlərinə görə, qocalmanın mexanizmi çox güman ki, mürəkkəb deyil və aşkar edildikdə “son dərəcə aydın” görünəcək.
Tesla və SpaceX-in qurucusu qeyd edib ki, insan orqanizmindəki bütün hüceyrələr demək olar eyni sürətlə qocalır ki, bu da ümumi bioloji prosesin mövcudluğunu göstərir. Mask zarafatla bildirib ki, indiyədək heç vaxt “sol qolu qoca, sağ qolu gənc olan” insan görməyib.
İlon Mask əlavə edib ki, bu sahəni hələ dərindən araşdırmasa da, qocalmanın təbiəti onun konkret və anlaşılan mexanizmə malik olduğunu göstərir və gələcəkdə elmi üsullarla bu prosesə nəzarət etmək mümkün ola bilər.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında İlon Maskın atası Errol Mask da uzunömürlülük sahəsində araşdırmalara maraq göstərdiyini açıqlamışdı. Onun fikrincə, elmi tədqiqatlar nəticəsində insan ömrünü 120 ilə qədər uzatmaq mümkündür.