Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə təhsil göstəricilərinin yaxşılaşdırılması ilə bağlı mühüm məqamlara toxunub.
E.Əmrullayev bu fikirləri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, bəzi məktəblərdə nəticələrin yüksəlməsinin şagirdlərin məktəbdən uzaqlaşdırılması hesabına təmin edilməsi düzgün yanaşma deyil.
“Əvvəl bəzi məktəblər var idi ki, onlarda nəticələr sürətlə yaxşılaşırdı. Araşdıranda məlum olurdu ki, o məktəblərin direktorları yaxşı oxumayan şagirdləri məktəbdən kənarlaşdırıblar. Lakin bu, yaxşı üsul deyil”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, təhsil müəssisələrinin əsas vəzifələrindən biri əlavə dəstəyə ehtiyacı olan şagirdlərin inkişafına şərait yaratmaqdır.
“Bacarıqlı, olimpiadada nəticə qazanan uşaqlar onsuz da uğur qazanacaqlar. Nisbətən dəstəyə ehtiyacı olan uşaqlara kömək edəndə həm onların nəticələri yaxşılaşır, həm məktəbin uğurları artır, həm də təhsilimiz qazanır”, – nazir əlavə edib.
