BDYPİ hərəkət iştirakçılarına çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı çağırış edib.
İdarədən bildirilib ki, Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin ölməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır qəza yollarda təhlükəsizlik tələblərinə riayət olunmasının vacibliyini bir daha göstərib.
BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərə yol hərəkəti qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını mütəmadi yoxlamağı, işıq cihazlarından və işıqəks etdirən nişanlama vasitələrindən düzgün istifadə etməyi tövsiyə edib.
Digər sürücülərə isə sürəti yol və hava şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsini qorumaq, qarşıdakı yol sahəsinə diqqətlə nəzarət etmək və riskli manevrlərdən çəkinmək tövsiyə olunub.
İdarə bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa və təhlükəsizlik tələblərinə ciddi riayət etməyə çağırıb.
