Nazir açıqladı: PISA nəticələrində Bakı 56-cı yerdədir
PISA 2025 tədqiqatının nəticələrinə əsasən, Bakı şəhəri oxu savadlılığı üzrə 56-cı yerdə qərarlaşıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev tədqiqatın nəticələri ilə bağlı təşkil olunan mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, araşdırmanın nəticələri Azərbaycanda oxu bacarıqları sahəsində vəziyyətin qənaətbəxş olmadığını göstərir.
E.Əmrullayev bildirib ki, ölkədə hər üç nəfərdən ikisi oxu üzrə minimal nəticə nümayiş etdirib. O, bu göstəricinin ciddi problem olduğunu vurğulayıb.
“Üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, oxu sahəsində geridə qalmaq regiona xas xüsusiyyətlərdən biri hesab olunur. Nazir bunun sovet təhsil sisteminin müəyyən qalıqları ilə bağlı ola biləcəyini də diqqətə çatdırıb.
Emin Əmrullayevin sözlərinə görə, təbiət elmləri, oxu savadlılığı və riyaziyyat üzrə qızların nəticələri oğlanların nəticələrindən daha yüksəkdir.
