Azərbaycan Ordusunda yeni tədris dövrü: əsas diqqət döyüş bacarıqlarının artırılmasına yönəldiləcək
Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və hərbi hissələrində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tədbirlər general-polkovnik Zakir Həsənov tərəfindən təsdiqlənmiş hazırlıq planına əsasən təşkil edilib.
Əvvəlcə hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Daha sonra şəxsi heyətə Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında müəyyən etdiyi əsas vəzifələr, eləcə də müdafiə nazirinin və Baş Qərargahın döyüş hazırlığının qorunması ilə bağlı tapşırıqları çatdırılıb.
Yeni tədris dövründə təlimlərin müasir yanaşmalar və yüksək texnologiyalar əsasında keçirilməsi, onların keyfiyyət və intensivliyinin artırılması əsas prioritetlərdən biri olacaq.
Müdafiə nazirinin tapşırığına əsasən, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında əldə olunmuş təcrübə tədris prosesində nəzərə alınacaq. Bu çərçivədə hərbi qulluqçuların müxtəlif iqlim və mürəkkəb relyef şəraitində, eləcə də gecə və gündüz vaxtlarında döyüş texnikası və silah-sursatdan effektiv istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Yeni tədris ilində maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi və digər təşkilati məsələlərin həlli istiqamətində də tədbirlər görüləcək.
Sonda hərbi qulluqçuların iştirakı ilə təntənəli keçid təşkil olunub
