Güclü külək, sel və daşqın gözlənilir – FHN-dən XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkə ərazisində yağışlı və qeyri-sabit hava şəraiti hökm sürəcək. Bəzi ərazilərdə yağıntıların intensiv olacağı, dağ çaylarında qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
FHN əhaliyə mümkün sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandıqda isə dərhal yüksəkliyə qalxmağı tövsiyə edib.
Nazirlik güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı çağırıb.
Həmçinin kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunub.
FHN ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağaclardan uzaq durulmasını tövsiyə edib. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq ildırımın bitməsini gözləmək məsləhət görülüb.
