Üç şəhərdə 535 güzəştli mənzil satıldı
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində yerləşən ümumilikdə 535 mənzilin “Güzəştli mənzil” sistemi vasitəsilə satışı həyata keçirilib.
Satış prosesinin təhlükəsiz, fasiləsiz və bütün vətəndaşlar üçün bərabər şəraitdə keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssislərinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub.
Birgə məlumatda bildirilib ki, aidiyyəti dövlət qurumlarının əməkdaşlığı və peşəkar fəaliyyəti satış prosesinin uğurla başa çatdırılmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, bugünkü satış Azərbaycanda vətəndaşlara yönəlmiş elektron xidmətlərin təhlükəsiz və innovativ şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirib.
Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində yeni tədbirlər həyata keçirəcək. Ölkədə rəqəmsal xidmətlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının davam etdiriləcəyi vurğulanıb.
