Əli Vəliyev 9 aylıq islah işləri cəzasından apellyasiya şikayəti verəcək
Bakı şəhəri Xətai Rayon Məhkəməsində Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb.
Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyev əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını (Quliyeva) təhqir etməkdə və ona böhtan atmaqda təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Əli Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Bundan əlavə, onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Əli Vəliyev isə məhkəmənin hökmü ilə razı olmadığını bildirib.
O, qeyd edib ki, iş üzrə irəli sürdüyü arqumentlərə və təqdim etdiyi hallara lazımi hüquqi qiymət verilməyib.
“Azərbaycan qanunvericiliyinin mənə verdiyi hüquqlardan istifadə edərək bu hökmdən apellyasiya şikayəti verəcəyəm. Zərurət yaranacağı təqdirdə hüquqlarımın müdafiəsini kassasiya instansiyasında da davam etdirəcəyəm”, – deyə Əli Vəliyev bildirib.
O, növbəti məhkəmə instansiyalarında işin bütün hallarının daha ətraflı və obyektiv araşdırılacağına, irəli sürdüyü arqumentlərə hüquqi qiymət veriləcəyinə inandığını vurğulayıb.
Əli Vəliyev hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edəcəyini və “sona qədər mübarizə aparacağını” bildirib.
“Haqlı olduğuma əminəm və bu hüquqi mübarizənin sonunda ədalətin bərqərar olacağına, haqqın öz yerini tapacağına və qalib gələcəyimə inanıram”, – deyə o əlavə edib.
