Qəza nəticəsində əzilən yol çəpərləri niyə hələ də bərpa olunmayıb?
Yasamal rayonunda yol təhlükəsizliyi ilə bağlı diqqətçəkən vəziyyət yaranıb. Xarici Dairəvi yolun köməkçi yolunun 3-cü kilometrində 15 avqust 2026-cı il tarixində baş vermiş avtomobil qəzası nəticəsində yol kənarında yerləşən 8 ədəd p/m uzunluğunda list dəmir çəpər əzilərək yararsız vəziyyətə düşüb.
Hadisədən artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, qəza nəticəsində deformasiyaya uğramış çəpərlər hələ də ərazidən götürülməyib və bərpa işləri aparılmayıb.
Məsələ ilə bağlı 5 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinə məlumat verildiyi bildirilir. Lakin buna baxmayaraq, əzilmiş və yararsız vəziyyətə düşmüş dəmir çəpərlərin hələ də yerində qalması sual doğurur: Yol təsərrüfatına cavabdeh qurumun müdaxiləsi üçün daha nə qədər vaxt lazımdır?
Söhbət təkcə yolun estetik görünüşündən getmir. Yol çəpərlərinin əsas funksiyası hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, qəza zamanı avtomobillərin yoldan kənara çıxmasının və daha ağır nəticələrin qarşısını almaqdır. Qəza nəticəsində funksionallığını itirmiş çəpərin uzun müddət bərpa edilməməsi isə əlavə təhlükə yarada bilər.
Xüsusilə intensiv nəqliyyatın hərəkət etdiyi yollarda belə məsələlərə operativ yanaşma vacibdir. Qəza baş verir, yol infrastrukturu zədələnir və aidiyyəti quruma məlumat verilir. Bundan sonra isə zədələnmiş infrastrukturun nə vaxt bərpa olunacağı gözlənilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, sizi deyirlər, yolların təhlükəsizliyi və infrastrukturun saz vəziyyətdə saxlanılmasına cavabdeh qurumlardan biri sizsiniz. Bəs Yasamal rayonunda Xarici Dairəvi yolun köməkçi yolunun 3-cü kilometrindəki bu çəpərlərlə bağlı niyə hələ də tədbir görülməyib?
Aidiyyəti qurumdan gözlənti sadədir: problem aradan qaldırılsın və yolun təhlükəsizliyi təmin edilsin.
Əgər məlumat verilməsinə baxmayaraq iki həftədən artıq müddətdə qəza nəticəsində yararsız hala düşmüş yol çəpərləri bərpa edilmirsə, burada yalnız qəzanın deyil, qəzadan sonra yaranmış problemin operativ həll edilməməsinin də məsuliyyəti gündəmə gəlir.
Ümid edirik ki, bu yazıdan sonra aidiyyəti qurum məsələyə münasibət bildirəcək və ərazidə zədələnmiş çəpərlərin bərpası təmin olunacaq.
