Bakıda itkin düşən şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək: əsas hədəf praktiki nəticələrdir
Bakıda itkin düşən şəxslərlə bağlı IV Beynəlxalq Konfrans keçiriləcək
Azərbaycanın paytaxtı oktyabrın 7–10-da itkin düşmüş şəxslərlə bağlı IV Beynəlxalq Konfransa ev sahibliyi edəcək. Tədbir İtkin düşmüş şəxslər məsələləri üzrə Bakı Dialoqu çərçivəsində təşkil olunacaq.
Konfransın əsas mövzusu itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində etimadın möhkəmləndirilməsi, effektiv mexanizmlərin yaradılması və problemin həlli yollarının müəyyənləşdirilməsi olacaq.
Dövlət Komissiyasının məlumatına görə, təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində real irəliləyişə əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların operativ şəkildə təqdim olunması olmadan nail olmaq mümkün deyil.
Bu baxımdan konfransda itkin düşmüş şəxslərlə bağlı tam məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsi, eləcə də münaqişə tərəflərinin axtarış, aşkarlama və şəxsiyyətin müəyyənləşdirilməsi istiqamətində birgə humanitar fəaliyyət imkanları müzakirə olunacaq.
Tədbirin məqsədi yalnız fikir mübadiləsi aparmaq deyil, həm də etimad və əməkdaşlığın gücləndirilməsi, ailələrə həqiqətə uyğun məlumatların çatdırılması və məlumat mübadiləsinin asanlaşdırılması üçün praktiki və davamlı mexanizmlər formalaşdırmaqdır.
Konfrans çərçivəsində müasir məhkəmə-tibbi texnologiyalardan və digər innovativ imkanlardan daha geniş istifadə məsələsinə də xüsusi diqqət yetiriləcək.
Tədbirdə dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər, itkin düşmüş şəxslərin ailələri və digər maraqlı tərəflər bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.
Konfrans 7 oktyabrda başlayacaq və 10 oktyabradək davam edəcək.
