Niderland sakini sperma donoru kimi fəaliyyət göstərərək ən azı 121 uşağın bioloji atası olub.
Niderland sakini sperma donoru kimi fəaliyyət göstərərək ən azı 121 uşağın bioloji atası olub.
Bu barədə “NL Times” məlumat yayıb.
Məlumata görə, Qroningen əyalətindən olan 43 yaşlı Simon adlı kişi spermasını yeddi sperm bankına verib. Bundan əlavə, o, internet vasitəsilə qadınlarla əlaqə saxlayaraq müxtəlif adlarla özünü təqdim edib.
Donordan uşaq dünyaya gətirən bəzi qadınlar onun övladlarının sayı barədə yalan məlumat verdiyini və suallara cavab verməkdən yayındığını bildiriblər. Həmçinin onun qadınlara intim məzmunlu mesajlar göndərərək süni mayalanma əvəzinə “təbii yolla” uşaq sahibi olmağı təklif etdiyi iddia olunur.
Niderland qanunvericiliyinə əsasən, bir sperma donorunun maksimum 12 ailə üçün istifadə olunmasına icazə verilir. Lakin bu məhdudiyyət yalnız lisenziyalı klinikalara şamil edilir. Şəxsi razılaşma əsasında həyata keçirilən mayalanmaya isə eyni hüquqi məhdudiyyətlər tətbiq olunmur.
Araşdırmaçı jurnalistlərin hesablamalarına görə, kişinin bioloji övladlarının real sayı daha çox ola bilər. Onun hələ də donor fəaliyyətini davam etdirdiyi bildirilir.
Həmçinin məlum olub ki, Niderland Səhiyyə Nazirliyi hələ 2017-ci ildə onun genişmiqyaslı donor fəaliyyəti barədə məlumatlı olub. Lakin həmin vaxt bununla bağlı hər hansı tədbir görülməyib.
“Donorkind” fondu və uşaqların anaları donorun fəaliyyətinin dayandırılmasını tələb edirlər. Məlumata görə, onun uşaqlarının bir qismi Niderlanddan kənarda, o cümlədən Almaniya və Danimarkada dünyaya gəlmiş ola bilər.
