Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsinə görə 49 min manat ziyan müəyyənləşib
![]()
Bakı şəhəri və İmişli rayonunda yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı faktlar aşkarlanıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, Xidmət əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra qanunsuz ağac kəsintiləri müəyyən edilib.
Araşdırmalar zamanı Bakının Zabrat qəsəbəsi, Fərman Salmanov küçəsində, Nizami rayonu, Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsində, həmçinin İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsildiyi üzə çıxıb.
Müəyyən edilib ki, qanunsuz kəsintilər nəticəsində yaşıllıqlara ümumilikdə 49 400 manat məbləğində ziyan dəyib.
Xidmətdən bildirilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Aşkar olunan faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.