Qaçaq Nəbi və Həcərin etnik kimliyi
Bu gün Qaçaq Nəbi və onun ömür gün və döyüş yoldaşı Həcər xanımla bağlı müzakirələrdə bəzi şəxslər onları “kürd” olaraq adlandırırlar. Əzizlərim nə Nəbi, nə də Həcər kürd millətinə aid olmayıblar. Lap belə olsalar da kürd olmaq mərd olmaq deməkdir. Kürd də bu torpağın övladıdır və onlar bizim əbədi və çiyin söykədiyimiz qonşularımız, can qardaşlarımızdır. Lakin həqiqət mənim dostumdur deyərək əminliklə yazıram ki, Qaçaq Nəbi və Həcər tər təmiz türk olublar.
Birinci Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Bəri başdan deyim ki, qəzanın 51 min sakinindən yalnız 3 mini kürd olub. 34 min adamı dəf-dolaqla kürd elan ediblər, çünki kürdcə bir kəlmə də bilməyiblər, ana dilləri türkcə olub. 1926-cı ildə də Qubadlı camaatı eyni cür davranıb. Qəzanın Qubadlı dairəsinin 13 min 533 sakinindən 13 min 367-si milliyyətini türk olduğunu bəyan edib, dairədə 1 kürd və 1 rus yaşayıb, 162 də erməni olub. 1897-ci il Ümumdünya Rusiya İmperiyası əhalisinin siyahıyaalınmasında Zəngəzur qəzası üzrə əhalinin ana dili "tatar (azərbaycan)" dili kimi qeydə alınmışdır.
(MƏNBƏ: Первая всеобщая перепись населения Российской империи 1897 г. / под ред. Н.А. Тройницкого. – СПб.: изд. Центрального статистического комитета МВД, 1904. – Т. 63: Елизаветпольская губерния. – С. 1–3, 50–53.)
Ermənilər də ruslar da Nəbinin də, Həcərin də türk olduğunu çox gözəl bilirlər. Çünki bizdən fərqli olaraq sənədlərdən çox yaxşı xəbərdardıqlar. Və o sənəd Kirovun təmtəraqla Kürdüstan qəzası adlandırdığı rayonlarımızda 1926-cı ildə aparılmış siyahıyaalmadır.
Eyni zamanda XIX əsrin sonlarında Yelizavetpol (Gəncə) quberniyasının polis və qəza idarələrinin hesabatlarında, eləcə də "Кавказъ" qəzetində bölqənin yerli əhalisi olan azərbaycanlılar o dövrün rus terminologiyasına uyğun olaraq qafqaz tatarları və ya "müsəlman" kimi qeyd olunurdu. Nəbi və Həcər barəsindəki rəsmi arxiv işlərində də onların mənsubiyyəti Zəngəzur qəzasının Mollahəsənli və Aşağı Mollu kəndlərindən olan "tatar/müsəlman" sakinləri kimi göstərilir.
Gori Müəllimlər Seminariyasının məzunu P. Vostrikov və digər XIX əsr etnoqraflarının Zəngəzur mahalındakı qaçaq hərəkatı ilə bağlı yazılarında Nəbi və Həcərin mənsub olduğu kəndlərin, tayfaların və iştirak etdikləri hadisələrin birbaşa yerli türk əhalisi ilə bağlı olduğu aydın şəkildə qeyd edilir.
(MƏNBƏ: Востриков, П. А. Музыка и песня у татар Елизаветпольской губернии // Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 42. – Тифлис: Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказе, 1912. – Отд. II.)
Tiflis Mülki Qubernatorunun dəftərxanasının "Nəbi dəstəsi" haqqındakı məxfi axtarış işlərində onların dili və mənsub olduğu kəndli təbəqəsi təsvir edilərkən yazılır:
"Quldur dəstəsinin rəhbəri Nəbi və onun arvadı Zəngəzur qəzasının tatar [türk] kəndlərinin sakinləridir, yerli tatar dialektində danışırlar..."
(MƏNBƏ: Центральный государственный исторический архив Грузии (ЦГИАГ). – Ф. 13 (Канцелярия Тифлисского гражданского губернатора). – Оп. 1. – Д. 2415 (Дело о разбойнике Наби и его шайке, 1893–1896 гг.). – Л. 12–15.)
Çar Rusiyasının 3-cü şöbə və Qafqaz Canişinliyinin polis idarəsinin onları axtarışa verdiyi məlumatda yazılır:
“Nəbi və Həcər Zəngəzur qəzasının Mollahəsənli tatar [türk] kəndindən olan müsəlmanlardır və "tatar dilində" (yəni Azərbaycan türkcəsində) danışırlar”
(MƏNBƏ: Azərbaycan Dövlət Tarix Arxivi (ADTA). – F. 44 (Yelizavetpol Quberniya İdarəsi). – Siyahı 1. – İş 582 (Zəngəzur qəzasında qaçaq Nəbi və onun dəstəsinin axtarışı barədə kargüzarlıq işi, 1894–1896-cı illər). – Vərəq 45–48.)
Qeyd edim ki, Nəbi tez-tez Osmanlı sərhədini keçdiyi üçün Osmanlı sərhəd paşaları və Bəyazid mutasarrıflığı İstanbula mütəmadi rəsmi teleqramlar göndərirdi. Osmanlı sənədlərində Rusiyadan sərhədi keçən qaçaqlar "İran və Rusiya təbəəliyyətində olan Azərbaycan tərəkəmələri" və ya "Zəngəzur türkləri" kimi qeyd olunur.
(MƏNBƏ: T.C. Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı Osmanlı Arşivi (BOA). – Dahiliye Nezareti Seyrüsefer Kalemi (DH. SFR.). – Dosya 214. – Evrak 88 (Zengezur ve Revan vilayetlerinden Osmanlı hududuna geçen Türk kaçak grupları hakkında takrir, 1312/1895)
Nəbinin haqqında Sankt-Peterburqda çıxan "Kavkaz" qəzeti və xarici jurnallar Zəngəzur qaçaq hərəkatı haqqında məqalələr dərc edirdi. Jurnalistlər və regionda olan rus səyyahları yerli əhalini təsvir edərkən onların "Qafqaz türkləri" olduğunu xüsusi vurğulayırdılar.
(MƏNBƏ: Газета «Кавказ». – Тифлис, 1895. – № 182 (12 июля). – С. 2–3. https://dspace.nplg.gov.ge/ )
Nəbinin dəstəsindəki digər şəxslər (məsələn, İman, Mehdi, Niyaz və b.) və onlara sığınacaq verən Zəngəzur, Naxçıvan və Qarabağ kəndlərinin əhalisi tamamilə türk-müsəlman əhalisindən ibarət idi.
Bir sözlə "Qaçaq Nəbi və Həcərin etnik mənsubiyyəti Rusiya polis kargüzarlığında "tatar", Osmanlı diplomatik yazışmalarında Zəngəzur türkləri, hərbi-statistika nəşrlərində isə Türk-Oğuz soyuna mənsub şəxslər kimi qeyd edilib.
Sərdar bəydən xahiş edirəm ki, daha bu məsələyə son qoysun. Onlar kürd yox, türk olublar.
Prof.Dr.Zaur Aliyev
Sosial şəbəkələrdə paylaş
