Bakıda küçələr bir-bir bağlanır: “Metro yoxdur, yollar da bağlanır” – sürücülərin narazılığı artır

Bakının bir sıra küçələrində aparılan və planlaşdırılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması paytaxt sakinləri və sürücülər arasında narazılıq yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər bir neçə ərazini əhatə edəcək.
Belə ki, Suraxanı rayonu, Günəşli qəsəbəsində İlqar Musayev küçəsində avqustun 27-si saat 22:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xəlil bəy Xasməmmədov küçəsində də avqustun 27-si saat 22:00-dan hərəkət dayandırılacaq.
Bundan başqa, Yavər Əliyev küçəsində avqustun 28-i saat 20:00-dan, Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində avqustun 28-i saat 20:00-dan, Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü.Bünyadzadə küçəsinədək olan hissəsində isə avqustun 31-i saat 16:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AAYDA sürücülərə alternativ yollardan istifadə etməyi və təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edir.
Lakin məsələ yalnız sürücülərdən “anlayış” istəməklə bitmir. Paytaxtda nəqliyyatın onsuz da ciddi problem olduğu bir vaxtda ardıcıl şəkildə küçələrin tam bağlanması vətəndaşların gündəlik hərəkətini daha da çətinləşdirir. Xüsusilə alternativ yolların nə dərəcədə hazır olduğu və həmin ərazilərdə əlavə tıxacların necə idarə ediləcəyi sual doğurur.
Bakıda metro şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı gözləntilər davam etdiyi bir vaxtda avtomobil yollarının da mərhələli şəkildə bağlanması sakinlərin haqlı suallarını artırır: Vətəndaş şəhərin bir başından digərinə necə rahat hərəkət etməlidir?
Təmir əlbəttə ki, zəruridir. Yolların yenilənməsi şəhər infrastrukturu üçün vacibdir. Amma təmir işlərinin planlaşdırılması zamanı nəqliyyat axını, alternativ marşrutların imkanları və əhalinin gündəlik ehtiyacları da nəzərə alınmalıdır.
Əks halda bir yol təmir edilərkən digər küçələrdə kilometrlərlə tıxac yaranır, sürücülər vaxt itirir, ictimai nəqliyyatın hərəkəti ləngiyir və nəticədə şəhər sakinlərinin narazılığı artır.
Bakının yollarına təmir lazımdır, amma şəhərin hərəkət qabiliyyətini iflic etmədən. Vətəndaşdan anlayış gözləməzdən əvvəl alternativin həqiqətən təmin olunması vacibdir.