Britaniyada qağayılar “bahalı oğruya” çevrildi: sakinlərə illik 171 milyon funt ziyan

Britaniyada qağayıların insanlardan yemək oğurlaması artıq sadəcə narahatedici hadisə deyil, milyonlarla funt sterlinqlə ölçülən problemə çevrilib. Araşdırmaya görə, bu quşların yemək oğurlaması nəticəsində ölkə sakinlərinin illik zərəri təxminən 171 milyon funt sterlinq təşkil edir.
“Compare the Market” şirkətinin keçirdiyi sorğuya əsasən, britaniyalıların 71 faizi qağayıların yeməklərini oğurlamağa cəhd etdiyini və ya buna nail olduğunu bildirib. Ən çox oğurlanan qida isə britaniyalıların sevimli küçə yeməklərindən olan balıq və kartof qızartmasıdır.
Sorğuda iştirak edənlərin 72 faizi məhz “fish and chips”in qağayıların hücumuna məruz qaldığını deyib. İkinci yerdə 21 faizlə sendviçlər, üçüncü yerdə isə 20 faizlə dondurma qərarlaşıb.
Quşların aqressiv davranışları insanların gündəlik vərdişlərini də dəyişib. Respondentlərin 76 faizi küçədə yemək yeyərkən davranışlarını dəyişdirdiyini bildirib. 43 faiz yeməklərini qağayılardan gizlətməyə, 31 faiz isə yeməyi mümkün qədər tez bitirməyə çalışır.
Zərərçəkənlərin təxminən 69 faizi belə hadisələrlə bir dəfədən çox qarşılaşdığını qeyd edib. Sorğu iştirakçılarının 80 faizindən çoxu isə qağayıların başqa insanlara hücum edərək onların yeməyini almağa çalışmasının şahidi olub.
Quşlar təkcə yeməklə kifayətlənmir. Sorğuda iştirak edənlərin 7 faizi qağayıların içkilərini, 9 faizi isə hətta uşaq oyuncaqlarını oğurladığını bildirib.
Problemin miqyasını nəzərə alan “Compare the Market” Margate şəhərindəki “Peter's Fish Factory” kafesi ilə birlikdə “Qağayılara qarşı zəmanət” kampaniyasına başlayıb. Yeməyi qağayı tərəfindən oğurlanan müştərilər onu pulsuz şəkildə əvəz edə bilirlər. Bunun üçün 1000 funt sterlinq məbləğində xüsusi fond ayrılıb.
Beləliklə, Britaniyada qağayılar artıq sadəcə dənizkənarı şəhərlərin simvolu deyil. Onlar sakinlərin naharını oğurlamaqla yanaşı, ölkə iqtisadiyyatına da milyonlarla funt sterlinq zərər vuran “qanadlı oğrular”a çevriliblər.