“Interocean Group” Xəzər bazarında fəaliyyətini genişləndirir – Bakıda yeni birgə müəssisə yaradıldı
Böyük Britaniyanın “Interocean Group” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək məqsədilə Bakıda yerləşən “Green Line Shipping LLC” ilə birgə müəssisə yaradıb.
AZƏRTAC xəbər verir ki, yeni əməkdaşlıq “Interocean Group”un tərkibində fəaliyyət göstərən “Interocean Energy Services FZCO” ilə “Green Line Shipping LLC” arasında əldə olunan razılaşma əsasında formalaşdırılıb.
Tərəfdaşlığın əsas məqsədi “Interocean Group”un Azərbaycanda və bütövlükdə Xəzər regionunda uzunmüddətli fəaliyyət imkanlarını genişləndirməkdir. Şirkət hesab edir ki, yeni əməkdaşlıq dənizçilik və dənizdə enerji sektorlarında inkişaf strategiyasının mühüm mərhələlərindən biridir.
Birgə müəssisə çərçivəsində dənizçilik, dənizdə enerji xidmətləri, dəniz təminatı və inteqrasiya olunmuş aktiv həlləri istiqamətində yeni layihələrin araşdırılması və həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlığın həm mövcud, həm də potensial müştərilərlə iş üçün regionda daha geniş imkanlar yaradacağı bildirilir.
Tərəflər beynəlxalq təcrübə ilə yerli bazar imkanlarını bir araya gətirməyi hədəfləyirlər. Belə ki, “Interocean Group”un beynəlxalq standartlar, texniki imkanlar və dənizdə əməliyyatların təşkili sahəsində təcrübəsi “Green Line Shipping”in Azərbaycan və Xəzər regionundakı bazar bilikləri, əməliyyat imkanları və yerli tərəfdaşlarla əlaqələri ilə tamamlanacaq.
Xəzər regionunda həyata keçiriləcək yeni təşəbbüsə “Interocean Group”un Kommersiya Direktoru Aleks Klark rəhbərlik edəcək. Tərəflər qarşılıqlı strateji maraq doğuran və müştərilərin ehtiyaclarına uyğun layihələri birgə qiymətləndirəcək. Konkret layihələrin icra və idarəetmə mexanizmlərinin isə hər bir imkan üzrə ayrıca müəyyənləşdiriləcəyi açıqlanıb.
Qeyd edilib ki, əldə olunan razılaşma strateji, qeyri-səhm əsaslı əməkdaşlıq və birgə müəssisə formatını nəzərdə tutur. Bu tərəfdaşlıq şirkətlərin birləşdirilməsi və ya hər hansı biznesin satın alınması anlamına gəlmir.
2007-ci ildə yaradılan “Interocean Group” beynəlxalq səviyyədə texniki imkanlar, korporativ idarəetmə, layihələrin icrası və inteqrasiya olunmuş aktiv həlləri üzrə xidmətlər təqdim edir. Şirkət hazırda 17 ölkədə fəaliyyət göstərir.
Bakıda fəaliyyət göstərən “Green Line Shipping LLC” isə əsasən dənizçilik xidmətləri və dənizdə mühəndislik istiqamətində ixtisaslaşıb. Şirkət Azərbaycan bazarına dair bilikləri, əməliyyat və logistika dəstəyi, yerli maraqlı tərəflərlə əlaqələri və regional müştərilərlə əməkdaşlıq imkanları ilə tərəfdaşlığa töhfə verəcək.
Yeni birgə müəssisənin yaradılması Azərbaycanın Xəzər dənizində dənizçilik və enerji xidmətləri üzrə regional imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli addım kimi qiymətləndirilir.
