Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı xarici mətbuatın diqqətində
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri fransızdilli “LaGazetteaz” nəşrinin diqqət mərkəzində olub. Nəşrdə dövlət səfərinin əsas məqamları, Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər, eləcə də ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “LaGazetteaz”da dərc olunan məqalədə səfərin Azərbaycan–Özbəkistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə olduğu vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məqalədə səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanmasına və mübadiləsinə xüsusi diqqət yetirilib. Bildirilib ki, əldə olunan razılaşmalar siyasi, iqtisadi, investisiya, nəqliyyat, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Nəşr Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin son illərdə dinamik şəkildə inkişaf etdiyini də diqqətə çatdırıb. İki ölkəni birləşdirən tarixi, mədəni və mənəvi bağların qarşılıqlı əlaqələrin inkişafı üçün möhkəm əsas yaratdığı qeyd olunub. Bununla yanaşı, münasibətlərin yalnız ənənəvi dostluq əlaqələri ilə məhdudlaşmadığı, iqtisadi və strateji əməkdaşlığın da sürətlə dərinləşdiyi vurğulanıb.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə misli görünməmiş inkişaf mərhələsinə daxil olması ilə bağlı fikirlərinə də yer verilib. Bu inkişafın dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və strateji baxışların uzlaşdırılması nəticəsində mümkün olduğu diqqətə çatdırılıb.
“LaGazetteaz” Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasını da münasibətlərin gələcəyi baxımından mühüm hadisə kimi təqdim edib. Bildirilib ki, bu sənəd iki xalq arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir.
Nəşr həmçinin Azərbaycan və Özbəkistanın regional əməkdaşlıq, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından artan roluna diqqət çəkib. Bakı və Daşkənd arasında əlaqələrin inkişafı yalnız ikitərəfli münasibətlər üçün deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından da əhəmiyyətli qiymətləndirilib.
Ümumilikdə, fransızdilli nəşr Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini sırf diplomatik tədbir kimi deyil, Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə hesablanmış mühüm siyasi addım kimi təqdim edib. Səfər zamanı əldə olunan razılaşmaların iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcəkdə daha geniş miqyas almasına imkan yaradacağı vurğulanıb.
Sosial şəbəkələrdə paylaş
