Keçmiş xüsusi nümayəndədən Kiyevə çağırış: qadınlar da səfərbərliyə cəlb edilməlidir
ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Kit Kellogq Ukraynada qadınların da Silahlı Qüvvələrə səfərbər edilməsinin tərəfdarı olduğunu açıqlayıb.
Kellogq bu barədə Ukraynanın “Na samom dele” YouTube kanalına müsahibəsində danışıb. O bildirib ki, qızı ABŞ Hərbi Akademiyasını bitirib, Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib, həyat yoldaşı isə desantçı kimi Qrenadada döyüşlərdə olub.
Onun sözlərinə görə, qadınlar da kişilər kimi hərbi xidmət və döyüş əməliyyatlarında effektiv iştirak edə bilərlər. Buna görə də Ukraynada qadınların orduya cəlb edilməsində problem görmür.
Kellogq bildirib ki, qadınların cəmiyyətin bir hissəsi kimi hərbi xidmətə getməsi vacibdir və onun fikrincə, bu həm şəxsi, həm də peşəkar baxımdan qəbul edilə bilən yanaşmadır.
Qeyd edək ki, avqust ayında Ukrayna hökumətinin saytında övladı olmayan qadınların səfərbərliyə cəlb edilməsini təklif edən petisiya da yayımlanıb.
Hərbi ekspert Andrey Maroçko isə Ukrayna ordusunda şəxsi heyət çatışmazlığının davam etməsi fonunda ölkənin gec-tez qadınların səfərbərliyinə başlaya biləcəyini bildirib.
Mütəxəssis Andrey Martiç isə qadınların səfərbərliyinin hətta birbaşa yaralanma olmadan belə onların sağlamlığı ilə bağlı müəyyən risklər və çətinliklər yarada biləcəyini qeyd edib.
