Qurumlar anlaşa bilmir, vətəndaş əziyyət çəkir
Jurnalist Turan Turalın sosial şəbəkədə paylaşdığı status nəinki Masazır qəsəbəsində, əksər yeni tikilidə yaşayan minlərlə sakinin üzləşdiyi sistemli problemi bütün çılpaqlığı ilə ortaya qoyur. Yanvarın şaxtalı günlərində Səyavuş Aslan küçəsi 1 ünvanında yerləşən MTK binalarında elektrik enerjisinin kəsilməsi nəticəsində sakinlər istiliksiz qalıb, ailələr gecəni soyuq evlərdə keçirməyə məcbur olub. Binaya qazın verilməməsi isə vəziyyəti daha da ağırlaşdırıb.
Məsələnin kökündə transformatorun sıradan çıxması dayanır. Lakin əsas problem texniki nasazlıqdan daha çox, qurumlararası məsuliyyətsizlikdir. AZƏRİŞIQ bildirir ki, bina onların balansında deyil və məsuliyyət MTK-nın üzərinə düşür. MTK isə yeni transformatorların alınmasına baxmayaraq, onların şəbəkəyə qoşulması üçün rüşvət tələbi ilə üzləşdiklərini iddia edir. Nəticədə isə məsuliyyət bir qurumdan digərinə ötürülür, əziyyəti isə vətəndaş çəkir.
Ən ağrılı məqam ondan ibarətdir ki, bu biganəliyin qurbanı real insanlardır.
Jurnalist Turan Tural bildirir ki, övladı yüksək hərarət içində xəstəliklə mübarizə apararkən, ailə soyuq evdə çıxılmaz vəziyyətdə qalıb. Bəzi sakinlər gecəni avtomobillərində keçirib, digərləri isə bir neçə yorğan altında donmamaq üçün mübarizə aparıb.
Bu hadisə bir daha göstərir ki, infrastruktur, təhlükəsizlik və kommunal təminat məsələlərində məsuliyyətsizlik və qeyri-müəyyənlik insan həyatını birbaşa risk altına atır. Vətəndaş üçün kimin balansı, kimin səlahiyyəti olduğu yox, evində işıq və istiliyin olması önəmlidir. Dövlət qurumları arasındakı uyğunsuzluq 36 il sonra belə cəmiyyətə “20 Yanvar soyuğunu” yaşatmamalıdır.
Məsələ artıq təkcə bir binanın problemi deyil, sistemli yanaşma tələb edən sosial təhlükəsizlik məsələsidir. Aidiyyəti qurumların bu cür hallara dərhal və koordinasiyalı reaksiya verməsi, məsuliyyətin konkret şəkildə müəyyənləşdirilməsi və vətəndaşın taleyinin bürokratik çəkişmələrin girovuna çevrilməməsi zəruridir.
Sosial şəbəkələrdə paylaş
