36 dərəcə istidə 7-ci mərtəbədə yaşayan ailəyə sutkada cəmi yarım saat su vermək xidmət deyil
Bir qurumda idarəçilikdən tutmuş ayrı-ayrı vəzifələrə qədər dost-tanış, qohumluq və şəxsi münasibətlər əsas meyara çevrilirsə, nəticənin necə olacağını proqnozlaşdırmaq çətin deyil. Xüsusilə də qurumun kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsi işləmirsə, vətəndaşın problemi daha da böyüyür.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bu yay xüsusilə Qaradağ rayonu, Sahil qəsəbəsində yaratdığı su problemi artıq adi kommunal narahatlıq çərçivəsindən çıxıb.
Sakinlərin sözlərinə görə, iyul ayından etibarən bəzi günlərdə evlərə su cəmi 1-2, bəzən isə 3-4 saat verilir. Bəzi hallarda isə insanlar bir sutka gözlədikdən sonra yalnız yarım saat su ala bilirlər.
Üstəlik, problemin əsas səbəbi kimi su təzyiqinin aşağı olması və ya təzyiqlə bağlı yaranan texniki nasazlıqlar göstərilir. Amma burada çox ciddi sual ortaya çıxır: əgər problem yalnız təzyiqdirsə, niyə soyuq aylarda yüksək təzyiq zamanı eyni miqyasda problem yaşanmır?
Vətəndaş aidiyyəti qurumlara, mətbuat xidmətinə, su təchizatı üzrə məsul şəxslərə zəng edir. Bəzən telefonlara cavab verilir, məsələ ilə maraqlanılır, suyun verilməsi təmin olunur. Amma ertəsi gün problem yenidən təkrarlanır.
Bu isə onu göstərir ki, məsələ bir qəza və ya birdəfəlik texniki nasazlıq deyil. Burada sistemli yanaşmaya ehtiyac var.
Jurnaıist Samirə Əşrəf yazır: "Təsəvvür edin, çöldə havanın temperaturu 36 dərəcədir. Dörd nəfərlik ailə 7-ci mərtəbədə yaşayır. Bir sutkadır su yoxdur. Nəhayət, sakinlər bir neçə yerə zəng etdikdən sonra yarım saatlıq su verilir.
Bu, XXI əsrdə şəhər infrastrukturu üçün normal mənzərə sayıla bilərmi?"
Su insan üçün sadəcə kommunal xidmət deyil. Su həyatın özüdür. İnsanların içmək, yemək hazırlamaq, gigiyena, uşaqların ehtiyacları və gündəlik məişət üçün suya ehtiyacı var.
Daha bir ciddi problem isə fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan insanların üzləşdiyi su qıtlığıdır. Suvarma imkanlarının məhdudlaşdırılması və suyun vaxtında verilməməsi nəticəsində əkin sahələrində məhsuldarlıq aşağı düşür, bəzi hallarda məhsul zay olur. Fermer bir mövsüm ərzində çəkdiyi zəhməti və xərcləri su çatışmazlığı səbəbindən itirirsə, bunun iqtisadi nəticəsi təkcə onun ailəsinə deyil, ərzaq bazarına da təsir edir.
Vətəndaş dövlət qurumuna müraciət edir, problem həll olunmur, yenidən müraciət edir, yenə eyni vəziyyətlə qarşılaşır. Nəticədə narazılıq yalnız xidmət göstərən quruma deyil, bütövlükdə dövlətə yönəlir.
Əslində isə vətəndaşın dövlətlə problemi olmamalıdır. Dövlət xidmətinin təşkilində problem varsa, həmin problem vaxtında aradan qaldırılmalıdır ki, insanların dövlətə olan inamına xələl gəlməsin.
Kommunikasiya xidməti də məhz belə məqamlar üçün var. Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi yalnız press-reliz yaymaq və tədbirlərdən foto paylaşmaq üçün fəaliyyət göstərməməlidir. Əhalinin şikayətini dinləmək, problemin səbəbini izah etmək, görülən iş barədə cəmiyyətə məlumat vermək və ən əsası, problemin həllini izləmək həmin strukturun əsas funksiyalarından biri olmalıdır.
Sakinlərə “təzyiq problemidir” deməklə məsələ bitmir. Niyə təzyiq problemi yaranır? Niyə problem aylarla həll olunmur? Niyə eyni əraziyə su bir gün verilir, digər gün verilmir? Niyə vətəndaş su almaq üçün bir neçə idarəyə telefon açmalıdır?
Bunların hamısına konkret və əsaslandırılmış cavab verilməlidir.
Sakinlərə 36 dərəcə istidə sutkada yarım saat “Abı-həyat” vermək kommunal xidmət deyil.
İnsanlardan səbir tələb etmək asandır. Amma insanın evində uşağı, yaşlısı, xəstəsi, gündəlik ehtiyacları varsa, onun səbrinin də bir həddi var.
Bu məsələ araşdırılmalı, Sahil qəsəbəsində su təchizatının real vəziyyəti yerində öyrənilməli, boru xətlərinin, nasos və təzyiq sistemlərinin texniki vəziyyəti yoxlanılmalı, suyun verilmə qrafiki və faktiki təminat barədə ictimaiyyətə açıq məlumat verilməlidir.
Çünki su problemi həll edilmədikcə, narazılıq böyüyəcək. Narazılıq böyüdükcə isə insanların dövlətə olan münasibətinə zərər dəyəcək.
Dövlət qurumlarının əsas vəzifəsi vətəndaşın problemini böyütmək yox, həll etməkdir.
Sahil sakinlərinin su məsələsi də daha bir “telefon zəngi ilə həll olunan problem” kimi yox, sistemli şəkildə araşdırılmalı və həll edilməlidir
Sosial şəbəkələrdə paylaş
