UNUDULMAYANLAR: GÜNƏŞİN BACISI
Getdiyim yerlərdə ilk axtardığım ünvanlardan biri muzeylər, tarixi məkanlar olur. Bəlkə də hamımız beləyik. İnsan uşaqlıqda gördüklərinin, eşitdiklərinin, ona öyrədilən dəyərlərin izini ömrü boyu daşıyır. Uşağın beyninə nə yazılırsa, böyüyəndə də çox vaxt onunla yaşayır.
Amma etiraf edək: maraqların, qəhrəmanların, hətta həyatın ritminin dəyişdiyi bu yeni dünyada uşaqları muzeylərə aparmaq əvvəlki qədər asan deyil. Ekranlar, sosial şəbəkələr, sürətli həyat, bir-birini əvəz edən görüntülər yaddaşımızın yerini də dəyişir. Ona görə də bəzən muzeyə getmək sadəcə bir binaya daxil olmaq deyil, öz yaddaşımıza qayıtmaqdır.
Bu gün Beyləqanın Yuxarı Aran kəndindəyəm. Burada Azərbaycanın ilk qadın mexanizatorlarından, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın ev muzeyi yerləşir. Bu, mənim bura neçənci səfərimdir, artıq sayını itirmişəm. Hər dəfə gələndə eyni əşyalar, eyni şəkillər, eyni xatirələr qarşıma çıxır. Amma qəribədir, hər dəfə Sevil haqqında başqa bir şey düşünürəm.
Sevil əslən Zaqatalanın Aşağı Tala kəndindən idi. Dağlar gözəli idi. Amma onun taleyinin ən parlaq səhifələri Mil düzündə, Beyləqan torpağında yazıldı. Həkim olmaq istəyirdi. Tibb İnstitutuna qəbul ola bilmədi. Sonra həyatı tamam başqa istiqamət aldı. Özbək pambıqçısı Tursunoy Axunovanın uğurundan təsirlənərək sürücü-mexanik olmaq qərarına gəldi.
Və Sevil sadəcə özü sükan arxasına keçmədi. Ardınca yüzlərlə qız gəldi. Mənbələrdə onun təşəbbüsündən sonra 1300-dən çox qızın sürücü-mexanik peşəsinə yiyələndiyi qeyd olunur.
23 yaşında Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. İşləyirdi, oxuyurdu, pambıq yığırdı, briqadaya rəhbərlik edirdi. 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığdığı, rəhbərlik etdiyi briqadanın isə hər hektardan 30 sentner pambıq götürdüyü barədə məlumatlar var.
Cəmi 23 yaşında həyatın bir çox insanın uzun illərdə qazandığı hörmətə çatmışdı.
Sonra isə o dəhşətli 27 sentyabr...
Sevil tarla işləri zamanı faciəli şəkildə həlak oldu. Onun ölümü ilə bağlı illər ərzində müxtəlif versiyalar səsləndirilib. Ən geniş yayılmış versiyaya görə, uzun hörükləri işlək mexanizmin çarxlarına dolaşıb və aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Hadisənin təfərrüatları barədə müxtəlif mənbələrdə fərqli fikirlər də yer alır.
Bəzən bir insanın ölümündən daha çox, onun necə yaşadığı yadda qalır.
Sevilin adı da elə yadda qaldı.
Ona ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adı verildi. Onun haqqında kitablar yazıldı, poema yaradıldı, film çəkildi. Nəbi Xəzrinin “Sevil” poemasından sonra ona “Günəşin bacısı” deyildi.
Bu gün onun ev muzeyində dayananda bütün bunları düşünürəm.
Muzeyin özü də bir yaddaş kitabıdır. 1984-cü ildə yaradılıb, 2003-cü ildən Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin filialı olub, 2008-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Burada Sevilin həyatına aid əşyalar, fotoşəkillər, diplomlar, təltiflər qorunur. Həyətdə isə onun büstü var.
Amma məni düşündürən muzeyin divarları deyil, o divarların içində qalan sualdır:
Sevil Qazıyevanı bugünkü zaman yetişdirə bilərdimi?
Bəlkə də bəli.
Bəlkə bu gün Sevil qədər güclü, zəhmətkeş, istedadlı gənclərimiz var. Bəlkə onların arasında gələcəyin qəhrəmanları da var. Amma biz onları tanıyırıqmı? Onların əməyini görürükmü? Onlara özlərini göstərmək, faydalı olmaq, nəyinsə dəyişməsinə səbəb olmaq üçün meydan veririkmi?
Sevilin dövründə qəhrəmanlıq başqa cür görünürdü. İnsanlar kəndə, tarlaya, zavoda, fabrikə, quruculuğa çağırılırdı. Əməyin özündə bir nüfuz vardı. Bir insanın cəmiyyətə nə verdiyi onun kimliyinin əsas göstəricilərindən biri idi.
İndi isə qəhrəmanlarımızı bəzən ekranlar seçir.
Kim daha çox görünürsə, daha məşhurdur. Kim daha çox “like” alırsa, daha çox tanınır. Xarici görünüş, bahalı həyat tərzi, süni gözəllik standartları, nümayiş etdirmək həvəsi bəzən zəhmətin, biliyin, peşəkarlığın qarşısını kəsir.
Əlbəttə, zaman dəyişir. İnsan da dəyişir. Gənclərin dünyası artıq bizim uşaqlığımızın dünyası deyil. Onları keçmişin qəliblərinə qaytarmaq mümkün deyil.
Amma bir şeyi itirməməliyik: dəyər hissini.
Uşağa yalnız muzeyə getməyi yox, muzeydəki insanın niyə yadda qaldığını anlatmaq lazımdır.
Sevil Qazıyevanı uşağa “Sosialist Əməyi Qəhrəmanı” kimi əzbərlətmək asandır. Amma ona Sevilin 21-23 yaşında nə üçün minlərlə qıza nümunə olduğunu anlatmaq daha vacibdir. Çünki qəhrəmanlıq medalın özündə deyil, başqalarının həyatına təsir etmək gücündədir.
Bəlkə də “unudulmazlar”ı məhz buna görə unutmuruq.
Onlar öz zamanlarından çıxıb gəlirlər və bizim zamanımıza sual verirlər.
Sevil də bu gün bizə baxıb soruşur:
“Sizin dövrünüzün qəhrəmanları kimlərdir?”
Bu sualın cavabını tapmaq üçün bəzən telefondan başımızı qaldırıb muzeyə getmək lazımdır.
Yuxarı Aranda bir ev var.
O evdə 23 yaşında dünyadan gedən bir qızın ömrü yaşayır.
Və o ömür hələ də bizdən cavab gözləyir.
Unudulmur. Çünki yaşadığı 23 il bir insan ömründən daha böyük iz qoyub.
Sevil Qazıyeva — “Günəşin bacısı” — elə buna görə unudulmazdır.
Yazıda Fəridə Rüstəmovanın məaaləsindən istifadə edilib.
Sosial şəbəkələrdə paylaş
