AQTA sədri yerli dondurma istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Iceland” ticarət markası ilə dondurma istehsal edən “Camal LTD” MMC-də olub və müəssisənin fəaliyyəti ilə yaxından tanış olub.
Səfər çərçivəsində AQTA sədri istehsal və emal sahələrinə, laboratoriya bölməsinə, həmçinin məhsulların saxlanılması və daşınması proseslərinə baxış keçirib. Müəssisədə tətbiq olunan qida təhlükəsizliyi və keyfiyyətə nəzarət mexanizmləri, istehsal prosesində istifadə edilən müasir texnologiyalar və sınaq imkanları barədə ətraflı məlumat təqdim olunub.
Bildirilib ki, müəssisədə müxtəlif çeşiddə dondurma məhsulları istehsal edilir və istehsalın bütün mərhələlərində qida təhlükəsizliyi standartlarına ciddi nəzarət olunur. Məhsulların keyfiyyət göstəricilərinin qorunması məqsədilə müasir laboratoriya avadanlıqlarından və beynəlxalq təcrübəyə uyğun nəzarət sistemlərindən istifadə edilir.
Görüş zamanı ölkədə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi, istehsal proseslərinin davamlı təkmilləşdirilməsi və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub. Xüsusilə, ixrac potensialının genişləndirilməsi və beynəlxalq standartlara uyğun istehsalın təşviqinin əhəmiyyəti vurğulanıb.
Qoşqar Təhməzli qeyd edib ki, istehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması dövlətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, qida istehsalı müəssisələrində qabaqcıl texnologiyaların tətbiqi, effektiv nəzarət sistemlərinin qurulması və məsuliyyətli istehsal yanaşmasının formalaşdırılması xüsusi önəm daşıyır.
Sosial şəbəkələrdə paylaş
