ADY yenə sərnişinləri çətin vəziyyətdə qoydu: Bakı–Balakən qatarı dayandırılır
Azərbaycan Dəmir Yolları (ADY) növbəti dəfə sərnişinləri narahat edən qərarla gündəmə gəlib. Qurumun yaydığı məlumata görə, Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarının hərəkəti müvəqqəti dayandırılacaq.
Bildirilib ki, 1 avqusta qədər qatar yalnız Qax stansiyasınadək hərəkət edəcək və oradan geri qayıdacaq. 1 avqustdan etibarən isə marşrut üzrə qatarın fəaliyyəti tamamilə dayandırılacaq.
ADY bu qərarı Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmir yolu sahəsində infrastrukturun zədələnməsi ilə əsaslandırır. Qurum zərərin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini açıqlasa da, marşrutun nə vaxt bərpa ediləcəyi barədə konkret tarix göstərmir.
Bu qərar xüsusilə qərb bölgəsinə səfər edən və dəmir yolunu əsas nəqliyyat vasitəsi kimi seçən sərnişinlər üçün ciddi narahatlıq yaradır. Son dövrlər ADY-nin bilet satışı sistemində yaşanan problemlər, gecikmələr və xidmətlə bağlı narazılıqlar fonunda daha bir marşrutun fəaliyyətinin dayandırılması sərnişinlərin suallarını artırır.
ADY bildirib ki, 1–13 avqust tarixləri üçün bu marşrut üzrə bilet alan sərnişinlərə ödənilmiş məbləğ tam şəkildə geri qaytarılacaq. Lakin sərnişinlərin alternativ nəqliyyatla təmin olunacağı barədə hər hansı məlumat verilməyib.
