Valideynlər AZAL-ın tələbələr üçün güzəştli biletləri ləğv etməsindən narazıdır: “Heç vaxt belə bahalıq olmayıb”
Yay tətilinin başlaması ilə Türkiyədə təhsil alan minlərlə azərbaycanlı tələbənin vətənə qayıdışı yenidən gündəmə gəlib. Valideynlər bu il aviabiletlərin qiymətlərinin kəskin artmasından narahat olduqlarını bildirirlər.
Valideyn Anar Niftəliyev sosial şəbəkədə paylaşdığı fikirdə qeyd edib ki, ötən il Azərbaycan Hava Yolları (AZAL) Türkiyədə təhsil alan tələbələrin yay tətilində ölkəyə qayıtmalarını asanlaşdırmaq məqsədilə xüsusi güzəşt proqramı tətbiq etmişdi. Həmin qaydalara əsasən, tələbələr uçuş tarixindən təxminən 15 gün əvvəl müraciət etməklə biletləri 90 dollara əldə edə bilirdilər.
Onun sözlərinə görə, bu il həmin güzəştlər ləğv olunub və nəticədə aviabiletlərin qiymətləri rekord səviyyəyə yüksəlib.
“İyul ayı üçün İstanbuldan Bakıya dönüş biletləri 500 manatdan başlayır. Türkiyənin digər şəhərlərindən isə qiymətlər 600-700 manat və daha yuxarıdır. Heç vaxt bu qədər bahalıq olmayıb. Ötən il ən yüksək qiymətlər belə 340-350 manat civarında idi”, – deyə Anar Niftəliyev bildirib.
Qeyd edək ki, hər il yay mövsümündə Türkiyədə təhsil alan minlərlə azərbaycanlı tələbə tətil üçün ölkəyə qayıdır. Bu səbəbdən iyun-avqust aylarında Bakı-Türkiyə marşrutları üzrə sərnişin axını əhəmiyyətli dərəcədə artır. Valideynlər hesab edirlər ki, tələbələr üçün əvvəllər tətbiq olunan güzəşt mexanizminin bərpası həm ailələrin maliyyə yükünü azaldar, həm də gənclərin ölkəyə gediş-gəlişini daha əlçatan edər.
Sosial şəbəkələrdə mövzu ilə bağlı çoxsaylı narazılıqlar səsləndirilir və valideynlər aidiyyəti qurumları tələbələr üçün xüsusi tariflərin yenidən tətbiq olunmasını nəzərdən keçirməyə çağırırlar.

Sosial şəbəkələrdə paylaş
