İşğaldan azad olunmuş ərazilərdə yeni yaşayış fondu yaradılacaq
İşğaldan azad edilmiş ərazilərə qayıdış prosesinin hüquqi təminatının gücləndirilməsi istiqamətində qanunvericiliyə növbəti dəyişikliklər təklif olunur. Dəyişikliklər məcburi köçkünlərin mənzil təminatı, mülkiyyət hüquqlarının bərpası və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan və çalışan vətəndaşlar üçün müxtəlif güzəştlər, yeni müavinət növləri, vergi və sosial sığorta imtiyazları tətbiq olunub. Hazırda müzakirəyə çıxarılan qanun layihələri də həmin istiqamətdə hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir.
Təklif olunan dəyişikliklərə əsasən, Mənzil Məcəlləsində "işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu" adlı yeni institut yaradılacaq. Bu fonda daxil edilən yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və sonradan həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə ediləcək.
Bununla yanaşı, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna ediləcək dəyişikliklə məcburi köçkün statusunun hansı hallarda itirilməsi daha dəqiq müəyyənləşdiriləcək. Yeni qaydalara görə, vətəndaşa əvvəlki yaşayış yerinin əvəzinə müəyyən olunmuş norma çərçivəsində yeni mənzil təqdim ediləcək və bununla onun mülkiyyət hüququ tam şəkildə bərpa olunmuş sayılacaq.
Layihədə həmçinin göstərilir ki, dövlət tərəfindən təklif olunan yaşayış sahəsindən imtina edən şəxslər məcburi köçkün statusunu itirəcəklər.
Dəyişikliklər sosial müdafiə tədbirlərinin tətbiq müddətinə də aydınlıq gətirir. Belə ki, hazırda qüvvədə olan üç illik güzəşt dövrünün hesablanması şəxsin statusunu itirdiyi və ya ona təklif olunan mənzildən imtina etdiyi tarixdən başlanacaq.
Eyni zamanda, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna təklif olunan düzəlişlər köçürülmə mexanizminin yenilənməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, dövlət yaşayış sahəsi təqdim etdikdən sonra öz öhdəliyini yerinə yetirmiş hesab olunacaq. Bu isə həm məcburi köçkünlərin mənzil hüquqlarının qorunmasına, həm də digər şəxslərin maraqlarının nəzərə alınmasına imkan verəcək.
