AAYDA-da rəhbər dəyişdi, yollar dəyişmədi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər dəyişdi, amma vətəndaşın gördüyü mənzərə dəyişmədi. Bir zamanlar korrupsiya və yeyinti iddiaları ilə gündəmə gələn Saleh Məmmədovun yerinə Vüsal Nəsirli gəldi. Bəs nəticə nə oldu?
Sıravi əməkdaşlar dəfələrlə əməkhaqlarının gecikdirilməsi ilə bağlı sosial mediada paylaşımlar etdilər.
Bu azmış kimi, sosial mediada paylaşılan məlumat və fotolardan belə qənaətə gəlmək olur ki, Vüsal Nəsirli də yamaq vurur, Saleh Məmmədov da yamaq vururdu. Vətəndaşa verilən xidmətin keyfiyyətində ciddi dəyişiklik görünmür. Yeni Günəşlinin yollarına baxmaq kifayətdir, asfalt çala-çuxur içindədir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq əsaslı təmir əvəzinə yenə də müvəqqəti yamaq üsulu seçilir.
Bu ölkədə hər il yolların tikintisi və təmiri üçün milyonlarla manat ayrılır. Bəs həmin vəsaitlər hara gedir? Niyə sakinlər illərdir eyni problemlə üz-üzə qalır? Niyə hər yağışdan, hər qışdan sonra yollar yenidən dağılır?
Vətəndaş keyfiyyətli yol istəyir, növbəti yamaq yox. Dövlət büdcəsindən ayrılan vəsaitlərin nəticəsini görmək istəyir. Çünki bu pullar xalqın puludur. Bütün qurumlarda monitorinqlər aparılmalıdır. Son illər monitorinqlərin aparılmamaması bütün sahələrdə cəzasızlıq muhiti yaradır. Bu da korrupsiyaya yol açır.
Ümid qalıb Hesablama Palatasına...
Qeyd: Məqalədə Yeni Günəşlidə yaşayan ictimai fəal Haldun Novruzzadənin sosial mediada yaydığı paylaşımdan istifadə edilib.
Sosial şəbəkələrdə paylaş