Rəsul Quliyev sosial media üzərindən Hafiz Paşayevi təbrik edib

Rəsul Quliyev Hafiz Paşayevi təbrik edib. Özünü Milli Məclisin ilk sədri adlandıran Rəsul Quliyev təbrikini sosial media hesabında paylaşıb. Təbriki təqdim edirik:
"Çox hörmətli Hafiz müəllim,
Sizi öz adımdan, ailəm adından və Azərbaycandakı nümayəndəm Ağasif Şakiroğlu adından 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin zəngin və şərəfli həyat yolunuz Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində mühüm mərhələlərlə heç şübhəsiz ki, sıx bağlıdır. Bu proseslərdə mərhum Prezidentimiz Heydər Əliyevdən sonra iştirak etmiş əsas şəxslərdən biri kimi, mən bunu əminliklə söyləyə bilərəm. Ən azından mənim buna haqqım çatır.
Uzun illər ərzində ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması, Sizin timsalınızda istər BMT-də, istər ABŞ-da istərsə də digər beynəlxalq qurumlarda milli maraqlarımızın lazımınca qorunması və diplomatik xidmətin yüksək səviyyədə təşkili istiqamətində göstərdiyiniz fəaliyyətlər xüsusilə təqdirə layiqdir.
Siz yalnız peşəkar diplomat kimi deyil, həm də milli düşüncəli ziyalı, böyük strateji baxışa malik dövlət xadimi kimi Azərbaycanın müasir tarixində özünəməxsus yer tutmusunuz.
Heç şübhəsiz ki, Sizin formalaşdırdığınız ənənələr, yetişdirdiyiniz kadrlar və qoyduğunuz məktəb bu gün də ölkəmizin inkişafına xidmət etməkdədir.
85 illik yubiley — bu, zəngin təcrübənin, yorulmaz əməyin və dövlətə sədaqətin parlaq göstəricisidir. Sizin ömür yolunuz bir daha sübut edir ki, Vətənə xidmət ən ali dəyərdir və bu dəyər Sizin simanızda özünün ən layiqli təcəssümünü tapmışdır...
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə fəaliyyətinizdə davamlı uğurlar diləyirəm. Yubileyiniz mübarək!
Dərin hörmətlə,
Rasul Guliyev
Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri"
Sosial şəbəkələrdə paylaş