ANAMA: Qarabağ və Şərqi Zəngəzurda bir həftə ərzində yüzlərlə partlayıcı zərərsizləşdirilib

Azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində işlər davam edir. Urbaninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən əməliyyatlarla bağlı növbəti həftəlik hesabatını açıqlayıb.
Agentliyin məlumatına görə, 5–11 yanvar tarixləri ərzində aparılan minatəmizləmə tədbirləri zamanı ümumilikdə 177 mina — o cümlədən 152 piyada əleyhinə, 25 tank əleyhinə mina, eləcə də 636 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə işləri 875,1 hektar ərazini əhatə edib.
Hesabat dövründə işlər ölkənin 13 rayonu və Xankəndi şəhərində aparılıb. Minatəmizləmə tədbirləri azad edilmiş Kəlbəcər, Laçın, Ağdam, Zəngilan və Cəbrayıl rayonları ilə yanaşı, Tərtər, Ağdərə, Xocalı, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Qazax rayonlarında da icra olunub.
ANAMA bildirir ki, məqsəd keçmiş münaqişə zonalarında təhlükəsizliyin təmin edilməsi və əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışı üçün zəruri şəraitin yaradılmasıdır.