Suraxanıda “Yaşayan Mədəniyyət” festivalı
Suraxanıda “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən festival Dövlət Turizm Agentliyi, Suraxanı Rayon İcra Hakimiyyəti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Festivalın məqsədi milli-mədəni irsin və mənəvi dəyərlərin təbliği, ictimai maarifləndirmənin gücləndirilməsi, mədəni irsin qorunmasına dəstəyin artırılması və gənc nəslin mədəniyyətə marağının təşviq edilməsi olub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın mədəni irsinin qorunması və tanıdılması, milli dəyərlərin gələcək nəsillərə çatdırılması, eləcə də mədəniyyət sahəsində maarifləndirici təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Festival çərçivəsində panel müzakirəsi keçirilib. Müzakirədə mədəni irsin qorunması və təbliği, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və mədəni dəyərlərin cəmiyyətə çatdırılması məsələləri müzakirə olunub.
Proqram çərçivəsində konsert, mədəni təqdimatlar, Bakı Uşaq və Gənclər Teatrının “Sehrli güzgü” tamaşası və “Əhməd haradadır?” filminin açıq havada nümayişi təşkil edilib.
Festivalın keçirilməsi mədəni irsin təbliği və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına yönələn təşəbbüslərdən biri olub.

