Dövlət müəssisəsində ödənişli imtahan: Naxçıvanda valideynlərin narazılığı artır

Naxçıvanda bəzi dövlət təhsil müəssisələrində keçirilən ödənişli sınaq imtahanlarında şagirdlərdən əlavə olaraq hər nəfər üçün 2 manat “yerpulu” alındığı bildirilir. Redaksiyamıza daxil olan məlumatlara görə, bu imtahanlar əsasən Naxçıvan Müəllimlər İnstitutunda, texniki peşə məktəblərində və sürücülük məktəblərində təşkil olunur. Həftə ərzində həmin sınaqlarda 1500-dən çox şagird iştirak edir.
Valideynlərin iddiasına görə, şagirdlərdən yığılan əlavə “yerpulu” rəsmi şəkildə heç bir sənədlə rəsmiləşdirilmir və bu vəsaitin yerli təhsil qurumunun rəhbərliyinə yönəldildiyi ehtimal olunur.
Valideynlərdən biri – Səfər Qazıyev bildirir ki, əvvəllər sınaq imtahanları üçün yalnız 10 manat ödəniş tələb olunub:
“Özəl kurslarda imtahan qiyməti 10 manat idi. Əvvəllər imtahanlar məktəblərdə keçirilirdi və əlavə ödəniş alınmırdı. Daha sonra bildirildi ki, dövlət məktəbləri kommersiya məqsədilə istifadə oluna bilməz. İndi isə imtahanlar peşə və sürücülük məktəblərində keçirilir və bizdən əlavə 2 manat ‘yerpulu’ tələb olunur. Nəticədə 12 manat ödəyirik. Bu müəssisələr də dövlətə məxsusdursa, niyə kommersiya məqsədli istifadə olunur? Üstəlik, dövlət müəssisəsində keçirilən imtahan üçün niyə ‘yerpulu’ ödəməliyik? Bu vəziyyətə yerli təhsil orqanları göz yumur və yığılan vəsaitlərin onların cibinə getdiyi düşünülür.”
Məlumata görə, imtahanların keçirildiyi müəssisələrdə çalışan bəzi müəllimlər də mövcud vəziyyətdən narazıdır. Onların sözlərinə görə, sınaq imtahanlarını təşkil edən özəl qurumlar faktiki olaraq nazirliyin himayəsi altında fəaliyyət göstərir:
“Dövlət təhsil müəssisələrinin auditoriyaları sanki icarəyə verilib. Bizə açıq şəkildə bildirirlər ki, prosesə müdaxilə etməyək. Hər şagirddən pul yığılır, məktəb isə yalnız yer təqdim edən tərəf kimi göstərilir. Müəllimlər İnstitutunda keçirilən sınaqlarda iştirakçı sayı 1000 nəfəri keçir, texniki peşə məktəblərinin hər birində isə bu rəqəm təxminən 250 nəfər olur. Bu da hər sınaq imtahanında minlərlə manatlıq qeyri-rəsmi pul dövriyyəsinin mövcudluğunu göstərir.”
Qeyd olunur ki, sınaq imtahanları əsasən “Naxçıvan Təhsil Mərkəzi”, “Aysberk”, “İstedad” və digər özəl təhsil qurumları tərəfindən təşkil edilir. Həmin mərkəzlər özlərini Təhsil Nazirliyinə bağlı qurumlar kimi təqdim edirlər. Dövlətə məxsus təhsil müəssisələrində imtahanların keçirilməsinə şərait yaradılması bu iddiaların əsaslı olduğu fikrini gücləndirir.
Məndə "Gündəlik Naxçıvan"